Terrorun izi ilə: Ermənilərə ağlayan Avropa İttifaqı İranın təhdidlərini qiymətləndirməlidir – TƏHLİL + VİDEO | DEFAKTO.AZ Terrorun izi ilə: Ermənilərə ağlayan Avropa İttifaqı İranın təhdidlərini qiymətləndirməlidir – TƏHLİL + VİDEO – DEFAKTO.AZ

Terrorun izi ilə: Ermənilərə ağlayan Avropa İttifaqı İranın təhdidlərini qiymətləndirməlidir – TƏHLİL + VİDEO

35

Qərb Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsini Bakıya qarşı kampaniya şəklində qurur. Bu kampaniyanı formalaşdırarkən ən böyük təhdid – İran amili – qulaqardına vurulur.

Qərbin bir parçası burada böyük strateji maraqlar güdür, bəziləri isə sadəcə olaraq, erməni lobbisinin “əzilən xalq” təbliğatına inanırlar.

Bəziləri isə ümumiyyətlə erməni lobbilərinin maliyyə qutularından böyük paylar alaraq Azərbaycana qarşı kampaniyanın elementinə çevrilirlər.

Bu, əsasən, şəxslərə aiddir, lakin ümumilikdə ABŞ ilə Avropa İttifaqının tənzimləməyə dair yanaşmalarında strateji fərqlər var. Birinci qeyd etdiyimiz böyük strateji maraqlar güdür, ikinci isə öz aləmində ehtiyatlı davranır və balansı saxlayır.

Avropa İttifaqının ehtiyatlılığı və ermənilərə mənfəət qazandıra biləcək davranışları onun İranla əlaqələrinə simvolik də olsa, müsbət dinamika verir.

Aİ üzdə İrana qarşı embarqolar silsiləsinin bir detalı kimi görünür, lakin o, heç zaman Tehranın İrəvana mənəvi, siyasi və hərbi dəstəklərini pisləmir.

Bu azmış kimi, Aİ regionda təhlükəsizliyi korlayacaq və İranın maraqlarına xidmət edən ikinci bir addım atır. Bu ittifaq Ermənistana müşahidə missiyası göndərir və bağlı olmayan Laçın yolunun “açılması”nı İrəvanın maraqları çərçivəsində qabardır.

Aİ qəribə bir təzadın içərisindədir, İrəvanın maraqlarını önə çəkərkən digər tərəfdən İranın regiondakı təhdid ölçülərini qiymətləndirmir.

Aİ məgər bilmirmi ki, İran Yaxın Şərqdəki terror əməllərinə davam edir və bu cür həmlələrini elə Qərbin içərilərinə də daşıyır?! Son iki ildə İranın xarici ölkələrdəki müxtəlif kəşfiyyat-pozuculuq cəhdləri elə Qərbə də sirayət edib. İndi bu təhlükələri görməyib, İranın Ermənistana dəstəyinə necə göz yummaq olar?

Ermənistana gələndə niyə bütün dillər susur, qulaqlar kar, gözlər isə kor olur?!

Aİ indi yaxşı olar ki, daha dərindən düşünsün və regiondakı fəaliyyət dairəsini İranın maraqlarına tərəf sürüşdürməsin.

İran terror dövləti kimi ad çıxarıb, elə ABŞ də bu qənaətdədir, Aİ isə SEPAH-ı terror təşkilatı kimi tanımaqdan imtina etdi. Başadüşüləndir, bu amil təhlükəsizlik ehtiyatlılığı ilə əlaqədar idi. Amma digər təhlükələr meydana gəlir axı, elə Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın da həmin terror təhdidlərinin qabarmasıdır.

İrandakı səfirliyimizə hücum uğursuz kəşfiyyat əməliyyatıdır və İran özünü yandırmaqda davam edir.

Birincisi: Videodan görünür ki, Azərbaycan səfirliyinin əməkdaşının avtomobilinə arxadan çırpılan avtomobildən düşən sürücüyə iranlı polis “yaşıl işıq” yandırır.

İkincisi: Səfirliyin binasının divarları arasında o qədər həngamə qopur, amma çöldə dayanan iranlı mühafizəçi içəriyə daxil olmur.

Bunlar göstərir ki, bu hücum əvvəldən planlaşdırılıb.

Aİ, yaxşı olar ki, regional siyasətindəki qəribəlikləri kənara qoysun və İranın cəzalanması kampaniyasına həlledici dəstək göstərsin.

Aİ İrana yanaşmasında ABŞ və Britaniyanın bəzi prinsiplərinə yaxındır. Ayrılıqda isə özü İranla münasibətlərin pisləşməsində maraqlı deyil. Ancaq ortada terror amili varsa, Aİ xarici siyasət redaksiyasına dəyişiklik etməlidir. Aİ İranın Ermənistana yardımlarına dəstək xarakterli addımlardan çəkinməlidir.

İranın terrorçuluq qabiliyyəti və risklər düzgün qiymətləndirilməlidir, bu regionda onun təhdidinin Ermənistandan daha böyük arealı əhatə etdiyi başa düşülməlidir. Əks təqdirdə İranın təhdidləri təkcə Azərbaycanla məhdudlaşmayacaq və Aİ özü də bundan əziyyət çəkəcək.

Aqşin Kərimov