“Davos Forumunda dünya bir daha Prezidentin fəaliyyəti ilə Azərbaycanı kəşf etmiş oldu” – RƏY + FOTO | DEFAKTO.AZ “Davos Forumunda dünya bir daha Prezidentin fəaliyyəti ilə Azərbaycanı kəşf etmiş oldu” – RƏY + FOTO – DEFAKTO.AZ

“Davos Forumunda dünya bir daha Prezidentin fəaliyyəti ilə Azərbaycanı kəşf etmiş oldu” – RƏY + FOTO

27

“Dünya İqtisadi Forumunun illik toplantısında dünya bir daha Prezidentin fəaliyyəti ilə Azərbaycanı kəşf etmiş oldu”

Bunu “DEFAKTO.az”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Davos Forumunun dünya siyasətində əhəmiyyətli yer tutan beynəlxalq tədbirlərdən hesab edildiyini deyən deputat bildirib ki, ildə bir dəfə keçirilən bu tədbirdə dünyada gedən proseslər, iqtisadi inkişaf, ayrı-ayrı bölgələrdəki problemlərin həlli ilə bağlı ciddi məsələlər müzakirə edilir:

“Bu il Davos Forumunda rekord sayda – 130 ölkədən 2 700-ə qədər nümayəndə iştirak edir. 50-dən çox ölkənin dövlət və hökumət başçısı, yüzlərlə nəhəng şirkətlərin rəsmiləri bu tədbirdə öz mövqelərini bildirmək, ikitərəfli əlaqələr qurmaq üçün iştirak edirlər. Azərbaycan Prezidenti 17-ci dəfədir ki, Davos Forumunda iştirak edir. Bu iştirakla Azərbaycan özünün həm inkişafının təqdimatını keçirir, həm beynəlxalq və regional məsələlərin müzakirəsində iştirak edir, eyni zamanda ikitərəfli əlaqələr də qurmağa çalışır. Azərbaycan Qoşulmama Hərəkatının sədridir və hərəkatın tarixində ilk dəfə olaraq sədr olan ölkənin səlahiyyət müddəti daha bir il artırılıb”.

Azərbaycanın ərazi bütövlüyünü öz gücü hesabına təmin etdiyini xatırladan deputat vurğulayıb ki, ölkəmiz regionda bu gün stabilliyin, inkişafın əsas lokomotivi hesab edilir:

“Ona görə Azərbaycanın inkişaf modeli bu gün dünyada maraq doğurur. Sovet İttifaqı dağıldıqdan sonra daha çox neft ölkəsi kimi tanınsa da, bu gün qeyri-neft sektorunun inkişafına diqqət edir. Hazırda Azərbaycan daşınma-logistik mərkəzlərdən birinə çevrilməkdədir”.

Onun sözlərinə görə, dünyada Prezident İlham Əliyevin şəxsiyyətinə də böyük maraq var:

“İlham Əliyev arzuolunan qonaq və həmsöhbətdir. Təsadüfi deyil ki, cənab Prezidentin iş qrafikinin hər günü müxtəlif görüşlərlə zəngindir. Prezident İlham Əliyev Davos Forumu çərçivəsində artıq altı dövlətin rəhbəri ilə görüşüb, ikitərəfli məsələlər müzakirə edilib. Eyni zamanda beynəlxalq şirkətlərin nümayəndələri, beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə görüşdə Azərbaycanla əlaqələr məsələsi geniş müzakirə edilir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib. Həmçinin, ölkəmiz bu gün Xəzərdə və işğaldan azad edilmiş ərazilərdə yaşıl energetikanı inkişaf etdirmək potensialına malikdir”.

“Eyni zamanda Azərbaycan bu gün regional problemin həllində də aktiv rol oynamağa çalışır. Rusiya-Ukrayna məsələsində təmkinli, beynəlxalq hüquqa uyğun olaraq tutduğu yol dünya tərəfindən böyük hörmətlə qarşılanır. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu səfəri dünyanın və Azərbaycanın marağındadır. Dünya bir daha cənab Prezidentin fəaliyyəti ilə Azərbaycanı kəşf etmiş oldu”, – deyə A. Mirzəzadə vurğulayıb.