Pandemiya ərzağa tələbatı artıb – Azərbaycanı varlandıran üç məhsul | DEFAKTO.AZ Pandemiya ərzağa tələbatı artıb – Azərbaycanı varlandıran üç məhsul – DEFAKTO.AZ

Pandemiya ərzağa tələbatı artıb – Azərbaycanı varlandıran üç məhsul

400

Ekspert: “İlkin emaldan keçmiş quru məhsullara tələbat daha çox artır”

Koronavirus pandemiyasının səbəb olduğu böhran Azərbaycanın qeyri-neft ixracına mənfi təsirini göstərib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 6,9 milyard dollar təşkil edib ki, bunun 721 milyon dolları qeyri-neft sektorunun payına düşür. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz azalma deməkdir.
Qeyri-neft ixracımızın başlıca istiqaməti yenə Rusiyadır. Bu ölkəyə yanvar-may ayları ərzində 271 milyon dollarlıq mal satmışıq. Beş ayda Türkiyəyə 144,3 milyon, Gürcüstana 70,5 milyon,  İsveçrəyə 71,5 milyon və Çinə 23,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 5 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 3,6 faiz,  İsveçrəyə 26 faiz və Çinə 40.3 faiz artıb.
2020-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (123.1 milyon dollar) birinci, qızıl ((sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 64.7 milyon dollar)  ikinci və qabığı təmizlənmiş meşə fındığı  (51 milyon dollar) üçüncü olub. Ümumiyyətlə, 2020-ci ilin ilk 5 ayı ərzində meyvə-tərəvəz ixracı 236,5 milyon, pambıq lifi ixracı 49,5 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 31,5 milyon, kimya sənayesi məhsullarının ixracı 34,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 19,5 milyon, pambıq ipliyi ixracı 9,2 milyon,  alkoqollu və alkoqolsuz içkilərin ixracı 5,7 milyon, şəkər ixracı  5,9 milyon  dollar təşkil edib.

Qeyri-neft sektoru üzrə 549 milyon ABŞ dollalıq ixrac

2020-ci ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 172.6 milyon dollar təşkil edib və ötən dövrlə müqayisədə 17,8 faiz azalıb. Bu ilin may ayında qeyri neft-qaz məhsulları ən çox Rusiyaya (84,8 milyon dollar), İsveçrəyə (23 milyon dollar), Türkiyəyə (22,2  milyon dollar), Gürcüstana (11,7 milyon  dollar) və Çinə (5,4 milyon dollar)  ixrac edilib. May ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor – 49,7 milyon  dollar)  birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda –  21 milyon dollar) ikinci, kartof (19,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Pandemiya dövründə ixracında artım baş verən məhsullar kimya sənayesinə aiddir. Belə ki, bu ilin 5 ayında Azərbaycan 229 354,62 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 75 faiz çoxdur.  Dövlət Gömrük Komitəsinin məlumatına görə, 5 ayda Azərbaycanın ixrac etdiyi kimya sənayesi məhsullarının dəyəri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 34 milyon 436,22 min dollar təşkil edib.

Plastmas və onlardan hazırlanan məmulatların ixracı artıb

Pandemiyanın ixracına mənfi təsir göstərdiyi məhsullar arasında plastmas və ondan hazırlanan məmulatlar da var. Beş ayda Azərbaycan 75 450,57 min dollar dəyərində 103 605,44 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2019-cu ilin yanvar-may üzrə göstəricisi ilə müqayisədə müvafiq olaraq 16,1 faiz  və 9,1 faiz azdır.
Xatırladaq ki, Azərbaycan ötən il 536 901,95 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da 2018-ci il ilə müqayisədə 2 dəfə çoxdur. 2019-cu ildə ölkə 179 401,97 min dollar dəyərində 246 442,22 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 51,3 faiz və 54,3 faiz çoxdur.
Alüminium ixracımızda da azalma var. Belə ki, 2020-ci ilin ilk beş ayında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,6 faiz, həcmi isə 5,7 faiz azalıb.
Ötən il Azərbaycan 128 049,07 min dollar dəyərində (14,1 faiz artım) 64 674,21 ton (30,8 faiz artım) alüminium və ondan hazırlanan məmulatları ixrac etmişdi.
Pandemiyanın bütün dünyada sənaye sahələrində durğunluğa səbəb olduğuna görə tələbat artımı əsasən ərzaq məhsullarında özünü göstərir. Buna görə də Azərbaycanın Azexport.az internet portalına pandemiya dövründə daxil olan sifarişlər sırasında əsasən kənd təsərrüfatı və gündəlik tələbat məhsulları önə çıxıb.

Azexport portalı “Pay Ring” rəqəmsal ödəniş sisteminin icrasına ...

Portalın meneceri Ayxan Qədəşovun “Yeni Müsavat”a dediyinə görə, bura kartof, pomidor, toyuq əti, toyuq yumurtası, pambıq, pambıq yağı, nar şirəsi, qənnadı məhsulları daxildir: “Bununla yanaşı, pandemiya dövründə portala daxil olan sifarişlər arasında xalq təbabətində geniş istifadə olunan soğan, zəncəfil, sarımsaq, sarıkök və bu kimi digər məhsullara da sifarişlər üstünlük təşkil edir. May ayının ikinci yarısından etibarən dünyada karantin qaydalarının yumşaldılması prosesinə start veriləndən sonra portala daxil olan ixrac sifarişlərində də kənd təsərrüfatı məhsulları ilə yanaşı metal konstruksiyalar, uşaq bezi, tikinti məhsulları və tütün kimi digər məhsullara da sifarişlərdə artım müşahidə olunmağa başlanılıb”.
O, əlavə olaraq bildirib ki, portalın fəaliyyətə başladığı gündən etibarən ənənəvi olan ölkələrlə yanaşı yeni ölkələrdən də sifarişlər daxil olmağa başlayıb: “Yeni ölkələr sırasına Səudiyyə Ərəbistanı, Hindistan, Qətər, Filippin, Dominikan və digər Amerika qitəsi və bir sıra Avropa ölkələrini aid edə bilərik. Təbii ki, bu ölkələr hazırda Azərbaycan bazarını öyrənirlər və zaman keçdikcə ölkələrlə ticarət əlaqələri daha da genişlənir və artıq həmin ölkələrdən yeni idxalçılar da Azərbaycan mallarına maraq göstərməyə başlayır. Hətta həmin ölkələrə qonşu olan ölkələrdən də sifarişlər daxil olmaqla başlayır”.
Beynəlxalq qurumların proqnozlarına görə, dünyada ərzaq məhsullarına tələbat ildən-ilə artacaq. Bu şəraitdə Azərbaycanın pomidor, xurma və almadan başqa, hansı aqrar məhsulların ixracını artırmaq potensialı var? Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, son bir neçə ilin dünya bazar konyukturasında gedən yerdəyişmələr göstərir ki, artıq strateji sənaye əhəmiyyətinə görə yaş məhsullar quru ( ilkin emaldan keçirilmiş) məhsullara uduzur: “Uzun müddət saxlanma imkanlarının olmaması, daxili investisiyalar hesabına yaş meyvə-tərəvəz sahələrinin inkişaf etdirilməsi nəticəsində (xüsusən Rusiyanın timsalında) bu tip məhsullara tələbat aşağı düşüb, əksinə, quru məhsullara tələbat artıb. Bunların başında fındıq gəlir, qida, mebel sənayesi kimi sahələrdə xammal rolunda çıxış edən fındıq xarici bazarların lideridir. Badam da çox əhəmiyyətli məhsula çevrilməkdədir. Hər il dünyada 1 milyon tondan artıq badam istehsal olunur və ABŞ, İspaniya, Türkiyə, İran kimi ölkələr bu sahəyə böyük həcmdə investisiya qoymaqla ciddi rəqabət halındadırlar. Fısdıq, nar və nardan əldə olunmuş məhsullar, zəfəran, xurma kimi məhsullar heç şübhəsiz ki, gələcək ixrac bazarlarının lideri olacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir