Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılacaq.
“Papanin hospitalı”nın yanında yerləşən yeni metro stansiyasının 8 ilə yaxındır tikintisi aparılır. Ceyhun Səlimov küçəsində yerləşən Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq edilib. Stansiya 3 səviyyədən ibarət olacaq. Fiziki imkanları məhdud sərnişinlər üçün burada da liftlər quraşdırılacaq. Bundan əlavə, 17 eskalator da sərnişinlərin stansiyaya enib-qalxmasına xidmət edəcək. Perspektiv planda nəzərdə tutulmuş Mavi xəttin stansiyasına keçid də indidən nəzərdə tutulur. Xəttin digər iki stansiyası kimi B3 də 7 vaqonluq qatarlar üçün nəzərdə tutulub”.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, stansiyada tikinti işlərinin əsas mərhələsi yekunlaşıb.